Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” (“2020 Happy Chinese New Year@Baku”) adlı silsilə tədbirlər keçirilir. Yanvarın 10-dan 18-dək davam edəcək tədbirlər Çin təqvimi ilə “Siçan ili”nin başlanmasına (25 yanvar) həsr olunub.

Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan layihəyə Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr daxildir.

Tədbirlərin açılış mərasimində Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev, mədəniyyət, elm xadimləri iştirak ediblər.

Muzeyin baş mütəxəssisi Aynur Məmmədova çıxış edərək bildirib ki, bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Qeyd edilib ki, tədbirlər çərçivəsində Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların heroqliflərlə yazılması və s. ustad dərsləri keçiriləcək.

A.Məmmədova Milli Xalça Muzeyinin Çinin Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O xatırladıb ki, ötən il Pekindəki Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində yerləşən Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Heydər Əliyev Fondu və Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Beynəlxalq Muzeylər Şurasının (İCOM) dəstəyi ilə Milli Xalça Muzeyinin əməkdaşları Çində keçirilən muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edirlər.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edir. Diqqətə çatdırılıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində Yeni il bayramının dörd min ildən çox tarixi var.

Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır”.

Daha sonra ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət fotosərgi, videoçarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, silsilə tədbirlərdə iştirak ödənişsizdir.