Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.
Səhnəyə qoyuluşunun 112-ci ildönümü münasibətilə təqdim olunan opera tamaşasını dirijor İlahə Hüseynova idarə edib.
Səhnə əsərində gənc və istedadlı muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Elnur Zeynalov (Məcnun), Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) çıxış ediblər.
Milli professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli müsəlman Şərqinin ilk operasını dahi şair Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazıb. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Şuşada həvəskar artistlər tərəfindən poemadan bir parça – “Məcnun Leylinin məzarı üstündə” səhnəciyi nümayiş olunmuş, 12 yaşlı Üzeyir həmin tamaşada xorda oxumuşdu. Səhnəcik ona güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk milli operanın yaranması üçün təkan olmuşdu.
“Leyli və Məcnun” ilk dəfə 1908-ci il yanvarın 12-də səhnəyə qoyulub. Opera səhnəmizdə əsərə bir neçə dəfə quruluş verilib. Sonuncu quruluş 2005-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən həyata keçirilib.