Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” teatrı yanvarın 15-də yenidən tamaşaçıların görüşünə gələcək.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “ƏSA” teatrı tərəfindən Jan Batist Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşası nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermandır.
“Xəsis” komediyasındakı baş qəhrəman – Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması ön plana çəkilir və tənqid olunur. Bir saat davam edən “And” dramatik komediyası da tamaşaçını bu yöndə düşünməyə vadar edir.