2020-ci ildə də yeni tamaşalarla teatrsevərləri sevindirməyə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını təqdim etdi. Yanvarın 12-də yaradıcı heyətin uzun müddətdir üzərində çalışdığı “Yeddi nar çubuğu” tamaşası teatrsevərlərin ixtiyarına verildi.
Azərbaycan Dövlət Kukla Teatrı, “İTALDİZAİN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər və mətbuat nümayəndələri iştirak edirdilər.
Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.
Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna yeni baxış kimi də xarakterizə oluna bilər. Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəng səhnə həlli ərsəyə gətirilib.
Quruluşçu rəssamı Rəvanə Yaqubova olan tamaşada sehrli nağıl təsviri saxlanılmaqla bərabər, çağdaş zamanın texnoloji vasitələrinin də fonunda klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olunub. Quruluşçu rəssamın çoxfunksiyalılıq verdiyi səhnə detalları, eləcə də işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə yaratması baxımlı idi. Hər biri bütünlükdə rəssam işi olan 3 səhnə geyimi, eləcə də istər canlı plan (Nağılçı), həmçinin 10-dan artıq kukla və köməkçi obraza verilmiş tərtibat rəssamın incə zövqünə və nağıl elementlərinə diqqətinin bariz nümunəsidir.
Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Bəstəkar əsas etibarilə yurd, torpaq təəssübü, çağırış ruhlu musiqilərlə tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb, səhnə əsərinin çoxçalarlı musiqi həllini yaradıb.
Maraqla izlənilən tamaşada obrazları teatrın aparıcı aktyorları – əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.
HƏMİDƏ