Yanvarın 15-də Türkiyənin paytaxtı Ankarada böyük Azərbaycan şairinin 650 illiyi münasibətilə elan olunmuş “İmadəddin Nəsimi ili”nin bağlanışına və görkəmli kinorejissor, ssenarist, “Nəsimi” filminin (1973) quruluş müəllifi Həsən Seyidbəylinin (1920-1980) 100 illik yubileyinə həsr olunmuş mərasim keçirildi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycanın Mədəniyyət Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil edilən mərasimdə rəsmilər, iki ölkənin mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri, media mənsubları iştirak edirdi.

Türkiyə Milli Kitabxanasında keçirilən tədbir çərçivəsində İmadəddin Nəsimiyə həsr edilən kitab sərgisi və Həsən Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdu. Həmçinin TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatı oldu.

Mərasimdə açılış sözü söyləyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın türk dünyasının məşhur şəxsiyyətləri ilə bağlı layihəsindən bəhs etdi. Bildirdi ki, bu layihə üzrə hər il türk dünyasının məşhur şəxsiyyətlərinə həsr edilir: “Sevindirici haldır ki, 2019-cu ili “Nəsimi ili” elan etdik və türkdilli ölkələrdə böyük şairə həsr edilən tədbirlər keçirməklə onu daha da təbliğ etdik və tanıtdıq. Layihənin növbəti ilini uğurla başa vurduğumuza görə məmnunuq”.

Baş katib həmçinin Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının rəhbərliyi ilə tərtib olunan “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, nəfis tərtibatlı kitabda dahi şairin şeirləri ana dilində və 14 dilə tərcümədə verilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxışında “2019 Nəsimi ili”nin uğurla həyata keçirilməsinə görə Düsen Kaseinov başda olmaqla TÜRKSOY heyətinə minnətdarlığını bildirdi. Səfir eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıya təşəkkürünü bildirərək onun Azərbaycanla bağlı layihələrdə hər zaman böyük səy göstərdiyini dedi.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ötən ilin Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunduğunu diqqətə çatdıran diplomat vurğuladı ki, bu çərçivədə müxtəlif ölkələrdə, eləcə də Türkiyədə böyük şairinin həyat və yaradıcılığına həsr olunan tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissoru və ssenaristi Həsən Seyidbəylinin yaradıcılığından da bəhs edən səfir bildirdi ki, onun ən möhtəşəm kino əsəri “Nəsimi” filmidir.

Nəsiminin Türkiyədə geniş tanındığını və sevildiyini deyən Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan qeyd etdi ki, keçirilən tədbirlər sayəsində böyük şairin irsi daha geniş auditoriyalara çatdırılıb. Türkiyə, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın mədəniyyətinin, tarixi şəxsiyyətlərinin tanınmasına və təbliğinə geniş yer verəcək.

Azərbaycan Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov çıxış edərək kinorejissor Həsən Seyidbəylinin yaradıcılığı, ölkəmizdə kino sənətinin tarixi və inkişafı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşdü. Qeyd etdi ki, Həsən Seyidbəyli Azərbaycanda örnək kinorejissorlardan biridir.  “Nəsimi” filmi də daxil olmaqla onun bütün filmləri kinosevərlərin yaddaşında silinməz iz qoyub.

Çıxışlardan sonra kinorejissor Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı oldu. Ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə sənətkarın ekran yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar yer almışdı.

Tədbirdə baş katibi Düsen Kaseinov da diqqətə çatdırdı ki, TÜRKSOY tərəfindən türkiyəli professor, Nəsimi yaradıcılığının tədqiqatçısı Hüseyn Ayan və “Nəsimi” filmində baş rolun ifaçısı, Azərbaycanın Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.

Tədbirdə iştirak edə bilməyən Hüseyn Ayanın medalı qızına və Rasim Balayevin medalı isə Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanova təqdim olundu.

Gecədə türkiyəli aşıq Səlahəddin Dündar sazda şairin “Məndə sığar iki cahan” qəzəlinə bəstələnmiş mahnını ifa etdi.

Sonra “Nəsimi” filmi nümayiş olundu. Filmin türk dilinə subtitrlə (altyazı) tərcümə versiyası “TRT Avaz” kanalı tərəfindən ərsəyə gəlib.

“Nəsimi ili”nin bağlanışına həsr olunan gecə hər kəsə gözəl anlar yaşatdı. Tədbir iştirakçılarına “İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olundu.

Mehparə SULTANOVA
Ankara