Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova Türkiyədə keçirilən “Caspi Art” beynəlxalq (onlayn) sənət yarışmasının Qran-pri diplomuna layiq görülüb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aktrisa müsabiqəyə qatılmaq üçün hazırladığı “Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib və bu yaxınlarda aldığı xəbər onu çox sevindirib. “Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə görə teatrın rəhbərliyinə, baş dirijor Fəxrəddin Atayevə, quruluşçu baletmeyster Yelena Ağayevaya, çəkilişdə göstərdiyi köməyə görə rejissor Samir Qulamova, teatrın digər əməkdaşlarına minnətdarlığımı bildirirəm”, – deyə o sevincini bölüşüb.

Bakı Xoreoqrafiya Akademiyasının məzunu olan Mələk Səfərova teatrda işlədiyi qısa müddət ərzində “Baladadaşın toy hamamı”, “Qızıl toy”, “Fransızsayağı qarnir”, “Mənim günahım” və başqa tamaşalarda yaratdığı obrazlar rəğbətlə qarşılanıb. Ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün “Ən yaxşı balet artisti” mükafatına layiq görülüb.