Yanvarın 14-də Tbilisidə Gürcü Teatr Günü qeyd edilib. Budəfəki tədbir bütünlüklə Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunub.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda gürcü dilində yeganə teatrdır. Bu teatrın 40 illik yubileyinin qeyd olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, teatrın təsisçisi Anzor Dolencaşvili gürcü mədəniyyətinin təbliğində xüsusi xidmətlərinə görə Sandro Axmeteli adına mükafata layiq görülüb. Mərasimdə mükafat sahibinə təqdim olunub. Mədəniyyət ocağının rejissor və aktyorları da təşəkkürnamələrlə təltif olunublar.
1980-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.
Hazırda truppası 20 nəfərdən ibarət olan teatrın repertuarında 10 tamaşa var. Qax teatrının aktyorları müxtəlif tamaşalardan parçalar göstərib, mahnı və rəqsləri ifa ediblər.
Yubiley tədbirində Azərbaycandan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov və digər qonaqlar iştirak ediblər.