Musiqi terapiyası haqqında filmin təqdimatı

Rejissor Rəşid Ağamalıyevin yanvarın 16-da YARAT Müasir Sənət Mərkəzində təqdim olunan “Züleyxa ilə dialoqlar” sənədli filmi Türkiyədə fəaliyyət göstərən tanınmış musiqi terapevti Züleyxa Abdullayevaya həsr olunub.

Sənədli ekran əsəri terapevtin musiqi vasitəsilə fiziki, ruhi ağrıları necə müalicə etdiyi, eyni zamanda Hindistan və Çexiyadan müalicə etdiyi xəstələrin həyatından bəhs edir.

Filmin mövzusu 2016-cı ildə rejissorun başına gələn hadisəyə əsaslanır.

Çətin ürək əməliyyatından sonra Praqa xəstəxanasında (Çexiya) ağır vəziyyətdə yatan rejissora Z.Abdullayeva zəng edərək onun üçün pianoda bir musiqi ifa edir. Musiqiçi Türkiyədə yaşadığı üçün musiqi seansları onlayn rejimdə gerçəkləşir. Sağaldıqdan sonra onlar Bakıda görüşürlər və rejissor musiqiçinin iş üsulunu öyrənməyə çalışır. Bu maraq sonda onun haqqında filmin ərsəyə gəlməsinə səbəb olur.

Rejissor məsələyə poetik yanaşdığını bildirir və auditoriyanı musiqi terapiyası haqqında elmi faktlarla inandırmağa çalışmadığını deyir: “Filmdə əsas diqqət Züleyxa xanımın yaratdığı musiqi atmosferinə, bu ab-havanın necə qəbul olunduğuna yönəlib. Filmin üslubu nəqli yanaşma ilə deyil, musiqinin özünün yaratdığı əhval ilə müəyyənləşir”.

Azərbaycan (“Pəri film”), Çexiya (“Oliel Company”) və Gürcüstanın (“Chai Khana”) birgə istehsalı olan, Praqada İncəsənət Akademiyası Kino və televiziya fakültəsinin dəstəyi ilə çəkilən film Azərbaycan və ingilis dillərindədir. Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karakadır (Belarus).

Çəkilişlərdə Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Elxan İlyasov (Çexiya), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Lalə AZƏRİ