Türk şairi Orxan Vəli Qanıqın “Neler yapmadık bu vatan için; kimimiz öldük, kimimiz nitq söyledik ...” misraları xüsusən belə təqvim günlərində yada düşür.
Emosional təsirin ağır basdığı bu qənaətin arxasında yatan səbəb var. Gerçəklərin yazıda, yazılanın səhnədə, səhnənin hisslərdə, hisslərin vücudda qəlpə kimi gəzdiyi səbəb – həqiqətin yükü...
Bu ağırlığın altında növbəti dəfə Xalq yazıçısı Anarın doğulub-böyüdüyü, yazıb-yaratdığı bu şəhərin 30 il əvvəlki (və həm də ondan öncəki) tarixinə nəzər salan yeni əsəri – “Şəhərin qış gecələri” girdi. Müəllif 70-ci illərə aid “Şəhərin yay günləri” pyesinin qəhrəmanlarını 1990-cı ilin yanvarında yenidən bizə göstərir...
Yanvarın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının salonu dolu idi. Qəribə bir intizar vardı.
Sanki hamı 30 ilin hasilini gözləyir, “Şəhərin qış gecələri”nin açılmasını, aydınlanmasını istəyirdi. Tamaşaçılar arasında dövlət rəsmiləri, tanınmış ədəbiyyat və incəsənət xadimləri də var idi.
Nəhayət, pərdələr aralandı və bizi 30 il əvvələ – 1990-cı ilin yanvarına aparan həqiqətlər sıralandı.
İlk öncə qeyd edək ki, tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Birhissəli müasir dramın quruluşçu rəssamı Əməkdar rəssam Arif Əbdürrəhmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqi Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.
20 Yanvar mövzu baxımından ədəbi aktuallığını qorusa da, dram nümunələri sarıdan kasad olduğumuzu da etiraf edərək, keçək məsələnin mahiyyətinə. O mahiyyətə ki, rejissorlar geniş imkanlar verən alternativ teatr formalarını sınaqdan keçirməklə istənilən janrda tamaşa hazırlaya bilərlər. Kimlərsə bunu dramaturqlara bəraət, yaxud rejissorlara ittiham kimi də başa düşə bilər.
Bir millətin faciəsini bir ailənin timsalında təqdim edən vizual elementlərlə dolu, həm də bədii şərtiliklə sığortalanmış tamaşada bizi 30 il öncəyə aparan yetəri qədər xırdalıqlar var. Əsas odur ki, rejissorun müəllif mətnindən irəli gələn təsvir-təhlilinə cavab verə bilən aktyor-tamaşaçı rabitəsi yaransın. Bədii-estetik səviyyə baxımından əsərin dəyərini, təbii ki, tənqidçilər verəcək. Amma onun səhnə təzahürü tamaşaçının məsələyə yanaşmasını təyin etməyə geniş imkanlar yaratdı.
Bu məqamda bir az əsərə, daha doğrusu, onun ifadə, yanaşma meyarlarına nəzər salaq. 20 Yanvar faktı, onun gerçəklikdən bədii təxəyyülə çevrilib ədəbi materiala çevrilmə formaları müxtəlif və mübahisəlidir. Digər tərəfdən, aydın görürük ki, son illər mövzunun bədii təcəssümündə ədəbiyyat bu tarixi ağrıya mənəvi cəhətdən daha həssas, daha yaxın olmağa başlayıb.
“Şəhərin qış gecələri”ndə müəllif bizə bir ailə, bu və ya digər şəkildə o ailə ilə bağlı olan, yaxud bağlanılan adamların timsalında məişət müstəvisindən hadisəyə baxış rakursu müəyyən edir. Orada akademiyanın müxbir üzvü də, deputat da, bürokrat da, donosçu da, türkçü də, rusçu da, KQB-çi də, avantürist də, oğru da, erməni də, ermənipərəst də, millətçi də, beynəlmiləlçi də var.
Birdən bir neçə adama çevrilə bilən, asanlıqla başqalaşanların gözlədikləri yanvar gecəsinə az qalıb. Hələ ki, gündüz meydanda narahat natiq, gecə evində sakit ziyalı cildində asanlıqla dolaşırlar. Qırmızı, ağ telefonlu kabinetlərdə qızıl kommunist, meydandakı mavi meqafonda çəhrayı millətçi, al şərablı ziyafət gecəsində göy türkçü olan nə qədər ziyalıfason axtarsan, burada taparsan. Bərələn gözlərinin müşayiətində tam demokratik şəkildə yazıçının qəhrəmanlarını fırlanan səhnənin həlqəsində ürəyindəcə gah o yana, gah da bu yana bəlağətlə sən də “fırlada” bilərsən.
Rejissor və onun təqdim etdiyi sənədli teatr üslubunda tamaşa tamaşaçıya sürətli nüfuz dairəsini də rahat cızmışdı. Səhnədə qurulmuş iri ekranda 90-cı illərin xalq hərəkatı, Azadlıq meydanındakı izdihamın qulaqbatıran etiraz nidaları, uğuldayan küləyə təslim olmayan kütlənin əzəmətini görürük. Bu təsviri sürətlə tamaşa salonuna səpələyən rejissor formaya səhnəni də rahatca qatmışdı. Elə tamaşaçını da. Səhnədəki videokameradan gah yaxın planda aktyorları, gah da onlara dikilən tamaşaçı nəzərlərini canlı və yaxşı kollaj eləmişdi. Maraqlıdır ki, bu və ümumi səhnə keçidlərində quruluşçu rejissor-rəssam tandemi mükəmməl alınmışdı. Hərçənd rəssamın tərtibatı daha qabarıq nəzərə çarpırdı. Səhnənin mərkəzindəki aşmış işıq dirəyi və qırılmış naqillər heç biz mizanda artıq olmadı və təkcə buna görə rəssamı alqışlamaq olar. Gah meydanda çıxışçıya pillə, gah hərəkətli kamera dirəyi, gah mənzil girişi, gah da sadə asılqana çevrilməklə onsuz da mətn və hərəkət baxımından yüklənmiş tamaşanın vizual ağırlığını xeyli azaltdı. İşıq quruluşuna, xüsusən yan və arxa səhnə planlaşdırmasının texniki həlli yaxşı alınmışdı. Beləcə, böyük səhnədəki boşluqlar asanlıqla gizlədilirdi.
Musiqi həlli də hadisənin ümumi xronikasını və tamaşanın temporitmini saxlamağa imkan verirdi. Xüsusən finaldakı birlik notlu mahnı uğurlu alınmışdı və ümumi ideyanın musiqili ifadəsinə nail olurdu.
Əslində tamaşa aktyor ansamblından elə də əlahiddə oyun, individual yanaşma istəmirdi. Sadəcə, rejissorun verbal vasitələrlə qüvvətləndirdiyi mizanların canlı oyuna çevrilməsini icra etmək yetərli idi. Bir növ, üslub olaraq çox rahat, həyatın gerçəklərini video, foto, səs və küll olaraq real təsvir elementlərini sözə çevirməklə bizə ötürməli idilər. Təbii ki, bu rejissor tapşırığının öhdəsindən rahatca gələnlər də oldu. Məsələn, tamaşanın əsas qəhrəmanı Qiyas (Elşən Rüstəmov), eləcə də Sədyar (Ədalət Əbdülsəməd), Firuz (İlham Əsədov), Çopur Cabbar (Şövqi Hüseynov), Namiq (Bəhram Həsənov) obrazlarının daxili emosiyasını tamaşaçının hüzuruna asanlıqla çıxarmışdılar. Onlardan fərqli olaraq rejissorun üzərində xüsusilə dayandığı və tamaşanın yeganə qadın obrazı Dilarə (Kəmalə Hüseynova), geniş maneralar verilən Şamxal (Vüqar Məmmədəliyev), mətn və mizanlardakı ön plan baxımından xeyli meydan yaradılmış erməni Qurgen (Kərəm Hadızadə) və əsərdə hansı mərama xidmət etdiyi sual altında qalan Ağasəfi (Manaf Dadaşov) və Zaur (Ramil Məmmədov) səhnədə artıq görünmək hissindən qopa bilmədilər.
Tamaşanın ziyalı modeli, akademiki, ağsaqqalı, bütün baş verəcəklərin miskin təhlilçisi Bəhram Zeynallıya (Elşən Çarhanlı) gəlincə, bütün cəhdlərinə rəğmən tamaşaçının yaddaşında taksi sürücüsü Əjdər kişidən (Rövşən Abbasov) çox qala bilmədi.
Sonda onu da deyək ki, tamaşa izləyicini sürətlə yaxın keçmişə aparmaqla ona bu günün müstəvisindən obyektiv fikir yürütmək imkanı verdi. Heç bir ideya diktəsi, fəlsəfi-direktiv monoloqu, pafoslu buxovsayağı dialoqu, qısası, “mən” iddiası yox idi. Əsər kimi tamaşa da bir müəllifin 30 illik hadisəyə sadə vətəndaş mövqeyindən baxışı və onun səhnə inikası idi...
Həmidə NİZAMİQIZI