Noyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik kinosu günləri”nə start verilib. Noyabrın 30-dək davam edəcək kino günlərinin proqramına “Yaddaş” studiyasında lentə alınmış Azərbaycanın Milli Qəhrəmanları haqqında 12 sənədli film və “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” bədii filmi daxildir.

Filmlərin nümayişi Nizami Kino Mərkəzində, Azərbaycan Memarlıq və İnşaat Universiteti, paytaxtın 23, 39, 282 saylı orta məktəbləri, Ali Hərbi Məktəb, C.Naxçıvanski adına Hərbi Lisey, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi, Sərhəd Qoşunları mühafizə xidmətinin N saylı hərbi hissəsi, Qobustan Mədəniyyət evində və Laçın İcra Hakimiyyəti ilə birgə Ağcabədi rayonunda keçiriləcək.
“Vətənpərvərlik kinosu günləri”ndə ilk ekran əsəri - Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovaya həsr edilmiş “23” sənədli filmi noyabrın 23-də Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən Nizami Kino Mərkəzində təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifi Ramiz Rövşən, rejissoru İsmayıl Zeynalovdur.
Tədbirdə kinorejissor Yalçın Əfəndiyev, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Kərim Kərimov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, Salatın Əsgərovanın qələm dostu Nigar Məcidova və başqaları xatirələrini bölüşüblər.
Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, Milli Qəhrəmanlarımız haqqında hər bir film, kitab, əsər gələcək nəsillərə müraciətdir, tarixi yaddaşımızdır.
Noyabrın 24-də rejissor Könül Kərimovanın Milli Qəhrəman Rafiq Nəsrəddinova həsr olunmuş “Şəhidliyin zirvəsi” sənədli filmi 39 saylı orta məktəbdə nümayiş olunub. Milli Qəhrəman Oqtay Güləliyev haqqında “Laçın qartalı” sənədli filmi isə Ağcabədi rayonunda təqdim edilib.
Noyabrın 30-dək ümumilikdə 14 seansın nümayişi nəzərdə tutulub.