“Azərbaycanfilm” kinostudiyasında istehsal edilən “Axınla aşağı” bədii filminin Polşanın “Golden Anteaters” beynəlxalq film festivalında təqdimatı olub.
Kinostudiyadan bildirilib ki, filmimiz 57 ölkə tərəfindən təqdim olunan 700 ekran əsərinin arasından seçilərək digər 8 tammetrajlı bədii film ilə festivalın əsas müsabiqə proqramında yer alıb. Festival noyabrın 28-dək davam edəcək.
“Axınla aşağı” filminin Romada keçirilən 16-cı “Asiatica, Encounters with Asian Cinema” beynəlxalq film festivalı çərçivəsində İtaliya premyerası da reallaşıb. Festivalın əsas müsabiqə proqramına daxil edilən film noyabrın 24-də nümayiş olunub.
İdmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramından bəhs açan filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Teymur Məmmədov və digərləri canlandırıblar.