İlkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkəmizdə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi tədqiqat işləri ilə 20,2 mindən artıq mütəxəssis məşğul olur.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilir ki, bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi-pedaqoji işçi tədqiqat işləri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Hazırda Milli Elmlər Akademiyasının 68 həqiqi və 105 müxbir üzvü var.