AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi dosent Aynur İbrahimova Özbəkistanda keçirilən “Böyük əcdadların irsi - Üçüncü İntibahın əsası” adlı VIII beynəlxalq konqresdə iştirak edib.

İnstitutdan bildirilib ki, konqresin keçirilməsində məqsəd Özbəkistanın mədəni-humanitar sahədə inkişaf yolunun işıqlandırılması, özbək xalqının mədəni və mənəvi irsinin öyrənilməsi, qorunması və təbliği sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbirin açılışı ərəfəsində Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzində tikinti işləri ilə tanışlıq olub, mərkəzin quruluşu ilə bağlı film izlənilib. Daha sonra Səmərqənd şəhərində İmam Buxari məqbərəsi ziyarət olunub, elm mərkəzi və mədrəsə ilə tanışlıq baş tutub.

Konqresdə Aynur İbrahimovanın “Türk dünyasının ortaq mirası – folklor ənənələri” mövzusunda çıxışı maraqla dinlənilib, ortaq mirasımız olan və arxaikləşən bəzi folklor nümunələrinin tədqiqi və təbliği istiqamətində maraqlı fikir və təkliflər irəli sürülüb.

Özbəkistan hökuməti, TÜRKSOY, ICESCO, IRCICA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi) və digər mühüm beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən, 40 ölkədən 400-ə yaxın alimin iştirak etdiyi konqres çərçivəsində Azərbaycan alimi mətbuata müsahibələr verərək folklorşünaslıq elminin perspektivlərindən danışıb və türk xalqlarının ortaq mədəni dəyərlərinin təbliğinin vacibliyini vurğulayıblar.

A.İbrahimova konqres çərçivəsində Daşkənd və Səmərqənd şəhərlərində təşkil olunan mühüm beynəlxalq görüşlərdə də iştirak edib. O, səfərin sonuncu günündə XIII Beynəlxalq “Şərq təranələri” musiqi festivalının təntənəli açılış mərasiminə də qatılıb.

Sonda Aynur İbrahimova sertifikatla təltif edilib.