Akademik Milli Dram Teatrında italyan dramaturqu Eduardo de Filipponun “Filumena Marturano” əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) çıxış edəcək.
Eduardo de Filippo bu əsəri 1946-cı ildə qələmə alıb. Həmin il Neapoldakı Politeama teatrında tamaşanın premyerası keçirilib.
Əsər Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.