Yanvarın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yəhudi soyqırımı – Holokostun 75-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində Mərkəzi İncəsənət Məktəbi, G.Əliyeva adına 3 nömrəli, paytaxtdakı 5 nömrəli, F.Əmirov adına 6 nömrəli incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət “Müharibə istəmirik!” mövzusunda sərgi təşkil edilib.
Tədbirdə İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və başqa qonaqlar iştirak ediblər.
Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusiflinin çıxışı ilə başlanan tədbirdə qonaqlar soyqırımı barədə, onun dəhşətləri haqqında fikirlərini bölüşüblər.
Sonda Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin iştirakı ilə musiqi proqramı təqdim edilib.