Layihə çərçivəsində yeni filmlərin təqdimat-müzakirəsi davam edir
Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” adlı layihə həyata keçirilir. Noyabrın 30-da Nizami Kino Mərkəzində layihə üzrə növbəti ekran əsərinə - “Yarımçıq xatirələr” filminə baxış və “Audiovizual məkanda vətənpərvərlik” mövzusunda müzakirələr oldu.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək vətənpərvərliyin kinoda ən çox maraq doğuran və daim müraciət edilən mövzulardan olduğunu dedi. Bildirildi ki, sovet Azərbaycanında bu mövzu İkinci Dünya müharibəsi ilə başlayırdı. Azərbaycan kinosunun həmin dövrlərə aid uğurlu layihələri var. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Mən ki gözəl deyildim”, “Tütək səsi” kimi filmlərdə arxa cəbhədə baş verən hadisələrdən, Azərbaycan xalqının qəhrəmanlığından, şücaətindən bəhs olunur. Müasir dövrdə vətənpərvərlik mövzusunda çəkilən filmlər əsasən Qarabağ müharibəsinə həsr edilir. Buna misal olaraq “Fəryad”, “Dolu” və digər filmləri göstərmək olar.
Qeyd olundu ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanov haqqında çəkilən “Sizi dünyalar qədər sevirdim” (1985) və bu il ekrana çıxan “Yarımçıq xatirələr” filmləri Belarus və Azərbaycan kinematoqrafçılarının müştərək işidir.
Sonra rejissor Elxan Cəfərovun “Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi “Yarımçıq xatirələr” filmi nümayiş olundu. Film Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir. Ekran əsəri faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.
Baxışdan sonra rejissor jurnalistlərin və kino həvəskarlarının suallarını cavablandırdı. Müzakirələr zamanı milli kinomuzda vətənpərvər obrazların yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, çəkiliş zamanı yaşananlar, ssenarist və rejissorun məqsədi və məramı, düşmən, dost, qonşu anlayışlarının ekran yozumu kimi məqamlara toxunuldu. Eyni zamanda vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziyalarda yayımlanması ətrafında müzakirələr aparıldı.
Filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, əməkdar artistlər Gülzar Qurbanova, Şamil Süleymanlı, aktyorlar Bəhruz Vaqifoğlu, Rza Rzayev filmin ərsəyə gəlməsi, yaratdıqları obraza yanaşmaları haqda fikirlərini bölüşdülər.
Xatırladaq ki, ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamları Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
Lalə