Yanvarın 25-də “Moskva-Bakı: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində Bakı Kitab Mərkəzində TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı olub.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva tədbiri açaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və il yarımdır fəaliyyət göstərən Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər, təqdimatlar, mədəniyyət, təhsil, sosial layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Mixail Qusmanın “Həyat formulu” kitabı barədə danışan G.Rzayeva bildirib ki, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində təqdimatı keçirilən bu kitabın özü də mədəniyyətlərarası dialoqdur.

Mixail Qusman kitabın ərsəyə gəlməsi tarixçəsi haqqında danışıb. Xatırladıb ki, bir neçə il əvvəl Azərbaycandan olan dostları, həmkarları, AZƏRTAC-ın rəhbərliyi onun valideynləri haqqında xatirələri toplamağa başladı, valideynlərini tanıyan şagirdlərlə, onlarla bir yerdə işləyən insanlarla görüşdülər: “Valideynlərim haqqında onların danışmaq istədikləri adamlardan biri də mən idim. Mən AZƏRTAC-dan olan həmkarlarımla görüşür, saatlarla söhbət edirdik. Həm valideynlərim, həm də Bakı haqqında danışdıqca xatirələr məni bu haqda yazmağa ruhlandırdı”.

Mixail Qusman qeyd edib ki, valideynləri milliyyətcə azərbaycanlı olmasalar da, hər ikisi Azərbaycan dilində danışır, atam bu dildə həm də yazırdı. Böyüyüb boya-başa çatdığım ailə özünü bu şəhərin bir parçası hiss edirdi.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlər bir çox istiqamətləri, o cümlədən humanitar sferanı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığı əhatə edir.

Kitabların müəllifini 70 illik yubileyi münasibətilə təbrik edən səfir diqqətə çatdırıb ki, Mixail Qusman və qardaşı, respublikamızın Xalq artisti Yuli Qusman doğulduqları şəhərə, Azərbaycana hər zaman böyük sevgi və bağlılıq nümayiş etdirirlər.

Xalq yazıçısı Anar çıxış edərək Mixail Qusmanı yubiley münasibətilə təbrik edib, ona xoş sözlərini bildirib, yubilyara öz kitablarını hədiyyə edib.

Xalq artisti Fərhad Bədəlbəyli yubilyarın təqdim olunan hər iki kitabını səmimi hisslər üzərində qələmə aldığını vurğulayıb. Bildirib ki, “Həyat formulu” kitabında təsvir olunan mühit bizim hər birimizə doğmadır.

Mixail Qusmanın qardaşı Yuli Qusman çıxışında vurğulayıb ki, “Bakı-Moskva:  mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində bu kitabların təqdimatı və insanların bu tədbirə böyük maraq göstərməsi həm də Qusman qardaşlarının Bakıya sevgisinin nəticəsidir.

Yazıçı-jurnalist, diplomat İosif Şaqal, “Veçernyaya Moskva” qəzetinin baş redaktoru Aleksandr Kupriyanov, rəssam Vadim Hüseynov (kitabın dizayneri), Rusiya Dövlət Humanitar Universitetinin prezidenti Yefim Pivovar və digər çıxış edənlər kitablar və müəllif barədə fikirlərini bölüşüblər.

Sonda Mixail Qusman tədbirə qatılanlara təşəkkürünü bildirib və kitablarını imzalayaraq iştirakçılara hədiyyə edib.