Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib.

Toplantıda Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.

Tədbirdə Qafqaz şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.

Tədbir çərçivəsində, həmçinin Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treninqlər keçirilib.

Qeyd edək ki, Azərbaycan Avropa “Şərab yolu” mədəni turizm marşrutu proqramı ilə 2011-ci ildən əməkdaşlıq edir. 2019-cu ilin noyabrında ölkəmiz Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv seçilib. “İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutunun “Şərab yolu” marşrutu olmaqla 20-dək ölkəni özündə birləşdirir. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.