Təşkilatın qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılıb
Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə yanvarın 29-da Parisdə – UNESCO-nun qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESCO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Anar Ələkbərov Heydər Əliyev Fondunun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihəsinin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. Ötən il isə Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi mərkəzi UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının təşkilatın qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.
Daha sonra UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Erneste Ottone Ramirez, səfir Rəhman Mustafayev, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış ediblər.
Çıxışlarda sərginin təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edilib. Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəni irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Şəki Xan sarayından danışılıb. Vurğulanıb ki, xalça sənəti Azərbaycan xalqının estetik dünyagörüşünü, baxışlarını əks etdirir. Bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.
Qeyd edilib ki, mədəni irsin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESCO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Kann sakininin xalça sənətinə vurğunluğu
Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfər, eləcə də Kann şəhərindəki xalça sərgisindən ruhlanaraq ölkəmizə gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj iştirak ediblər.
Filip Jüj “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçıların yanında təcrübə keçib, xalça toxumağı öyrənib. Kanna qayıtdıqdan sonra evində dəzgah qurub və artıq iki xalça toxuduğunu deyib.
Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.
Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.
UNESCO-nun qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.
Milli kimliyin sənət ifadəsi
İncəsənət hər zaman bir ismarışdır. Bu sərgidə Şəki xalçaçılıq məktəbinin nümunələrini görürük. Bu sərgi Azərbaycan toxuculuq sənəti ilə tanış olmağa imkan yaradır.
Bu sözləri “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin açılışında iştirak edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Erneste Ottone Ramirez AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, xalça toxuculuğu azərbaycanlı kimliyini əks etdirən bir nümunədir: “Toxuculuq ailə çərçivəsində yaşadılan ənənədir. Bu sənətdən danışanda mədəniyyət, sənətlə xalq arasında əlaqələrin nə qədər sıx olduğunu görürük. UNESCO-nun mədəni irsin qorunub saxlanılması və yaşadılması kimi vacib missiyasına verdiyi töhfəyə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.