İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə İstanbulun “Camal Rəşid Rey” konsert salonunda “Gənclik-İstanbul” beynəlxalq kino müsabiqəsində qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin mükafatlandırma mərasimi keçirilib.
“Qlobal problemlərin həllində gəncliyin kreativliyi” mövzusunda keçirilən müsabiqəyə təqdim olunan ekran əsərlərini İKGF və “Boğaziçi” beynəlxalq film dərnəyinin nümayəndələrindən ibarət münsiflər qiymətləndirib. 10 ölkəni təmsil edən 12 filmdən 4-ü qalib olaraq seçilib.
Əhməd Bikicin “Ana” (Türkiyə) filmi birinci, Güzel Osmanovanın “Özünə inan” (Tatarıstan) ekran əsəri ikinci, Damiel Hernandezin “Niyə?” (İspaniya) filmi üçüncü yerə, Soheil Sadeqinin “Gözəl şəhər” (İran) filmi isə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası gənclik paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər çərçivəsində 3 ay əvvəl start verilib. Ötən müddət ərzində İsveçdən Hindistana, Çindən Braziliyaya, Fransadan Türkiyəyədək ümumilikdə 57 ölkədən müsabiqəyə 859 film göndərilib. Filmlər “qaçqınlar”, “zorakılıq və terrorizm”, “gəncliyin iştirakı”, “qloballaşma və etnik çağırışlar” və s. mövzuları əhatə edib. Finalçılar siyahısına düşmüş 12 ekran əsəri eyni zamanda “Boğaziçi” film festivalı çərçivəsində İstanbulda nümayiş olunub.