Sessiyada təşkilatın yeni adı, loqosu təsdiqlənib, yeni strukturu müəyyənləşib
29-30 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində İSESCO-nun İcraiyyə Şurasının 40-cı sessiyası keçirilib.
Sessiya təşkilatın ali orqanı olan Baş Konfransın səlahiyyətləri səviyyəsində gerçəkləşib. Xatırladaq ki, İSESCO-nun İcraiyyə Şurasının 36-cı sessiyası və təşkilatın Baş Konfransının 12-ci sessiyası 2015-ci ilin noyabrında Bakıda keçirilmişdi.
Qurumun Əbu-Dabi sessiyasında İSESCO-nun ümumi fəaliyyəti, strukturu ilə bağlı mühüm qərarlar qəbul edilib.
Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib.
Sessiyanı giriş sözü ilə açan BƏƏ-nin Mədəniyyət və Biliklərin İnkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi İSESCO-nun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İslam dünyasında həyatın bir çox sahəsində baş verən transformasiyalar təşkilatlardan yeni baxış, strategiya tələb edir, daha yaxşı gələcək yaratmaq naminə innovativ həll yollarını axtarıb tapmağa sövq edir. Bu baxımdan burada müzakirə olunan məsələlər böyük əhəmiyyət daşıyır.
İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın yeni strategiyası haqqında danışıb, onun fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab verməsini təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürüb.
Sessiyanın ilk günü çıxışlardan sonra gündəlikdə duran mövzular, o cümlədən İSESCO-nun 2020-2030-cu illər üzrə strateji planı, 2020-2021-ci illər üzrə fəaliyyət planı, təşkilatın yeni struktur layihəsi, İnkişaf Fondunun, Məşvərət Şurasının yaradılması layihələri ətrafında müzakirələr aparılıb. Həmçinin İSESCO-nun son illərdəki fəaliyyətinə dair hesabatı, eləcə də maliyyə hesabatı dinlənilib.
Azərbaycan nümayəndəsi Vasif Eyvazzadə müzakirələrdə fəal iştirak edib, gündəlikdə duran məsələlər barədə fikir və təkliflərini bildirib.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
Sessiyada təşkilatın yeni adı və loqosu səsə qoyularaq yekdilliklə qəbul edilib. İSESCO-nun yeni strategiyasına uyğun gəlməyən, fəaliyyət çərçivəsini daraldan əvvəlki adı dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olub. Xatırladaq ki, bunadək İSESCO Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı adlanırdı.
İkinci iş günündə digər məsələlərlə yanaşı İSESCO-nun Maliyyə Nəzarəti Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan komitəyə üzv seçilib.
Sessiyada İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının yeni strukturu müəyyənləşib.
Struktur islahatları təşkilatın fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab vermək və dinamikliyini təmin etməyi hədəfləyən yeni strategiyaya uyğun həyata keçirilib.
İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, təşkilatın strukturunun yenilənməsi idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, daha operativ idarəçilik mexanizminin yaradılmasına xidmət edəcək. Qeyd olunub ki, struktur layihəsi Səudiyyə Ərəbistanı Krallığının İdarəçilik üzrə Tədqiqatlar və Məşvərət İnstitutunda yaradılmış birgə işçi qrupu tərəfindən araşdırılıb. Son layihənin ərsəyə gəlməsində qrupun rəy və təklifləri, eləcə də bir sıra beynəlxalq təşkilatların təcrübələri nəzərə alınıb.
Qəbul edilmiş dəyişikliyə əsasən, baş direktorun müavini və köməkçisi vəzifələri təsis edilib. İSESCO-nun əsas sektorlarının (təhsil, mədəniyyət, elm) işi baş direktorun müavininin səlahiyyətlərinə aid edilib. Baş direktorun köməkçisi müştərək xidmət sahələrinin, o cümlədən idarələrin (Yardımçı xidmətlər, İnformasiya texnologiyaları, Nəşr və yayım), tərcümə mərkəzinin fəaliyyətinə cavabdehdir.
İSESCO-nun İnkişaf Fondu təsis edilib
Sessiyada İSESCO-nun İnkişaf Fondunun təsis edilməsi barədə qərar qəbul olunub.
Fond təşkilatın fəaliyyət sahələri çərçivəsində irəli sürəcəyi proqramların və layihələrin davamlı maliyyələşməsini təmin edəcək.
Baş direktor Salim bin Məhəmməd əl-Malik çıxışında bildirib ki, İnkişaf Fondu qurumun yeni strategiyasını həyata keçirərkən qarşıya çıxacaq maliyyə problemlərini həll etməyə imkan verəcək. Qeyd edib ki, bir neçə tərəf fonda ianə verməyə hazır olduqlarını artıq bildirib. Baş direktor onu da diqqətə çatdırıb ki, bu vasitələr ianə verən üzv dövlətlərin faydalanacağı proqram və layihələrin yerinə yetirilməsində istifadə ediləcək.
Bildirilib ki, fond müstəqil təsisat olacaq, özünün xüsusi nəzarət orqanı tərəfindən idarə ediləcək. İSESCO-nun baş direktoru yalnız fond şurasının üzvü olacaq.
Fondun büdcəsinin 2025-ci ilədək 500 milyon dollara çatacağı nəzərdə tutulur. Cari və sabit aktivlər ianələr, üzv dövlətlərin, özəl sektorun, xeyriyyə fondlarının, biznesmenlərin bağışlayacaqları ianələr və yardımlar hesabına formalaşacaq.