Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində təşkilatın mənzil-qərargahında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans təşkil edilib.
Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən təşkil edilən tədbirdə AŞPA-nın üzvləri, Avropa Şurası katibliyinin, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qanlı Yanvar günlərini əks etdirən fotolar nümayiş etdirilib.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas Şirin Melikoff, Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş Qara Yanvar faciəsi barədə fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib. 20 Yanvar hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu qanlı faciəni törədənləri dərhal kəskin ittiham etdiyi və xalqımızın ən çətin günündə ona mənəvi dəstək olduğu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qət etdiyi inkişaf yolundan bəhs olunub, ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açılıb.
Konfransda fransalı tarixçi və yazıçı Jerar Kardon da iştirak edib. O, AZƏRTAC-a müsahibəsində deyib: “Azadlıq qanla qazanılır. Bütün xalqların tarixində azadlıq məhz belə qazanılıb. Azərbaycan xalqı da azadlığını öz qanı bahasına əldə edib. 20 Yanvar faciəsi zamanı günahsız insanların qanı axıdıldı və həmin gün ölkə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı”.
Jerar Kardon bildirib ki, 20 Yanvar hadisələrini bütün dünyaya çatdırmaq lazımdır: “Faciədən bəhs edən kitablar yazılmalı, müxtəlif dillərə tərcümə edilməlidir. Sənədli və bədii filmlər çəkilməlidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır”.