Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Vətənimizin gələcəyi olan gənclər” adlı bayram tədbiri keçirilib.

Tədbirdə regional idarənin rəisi Mirvari Zeynalova çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov və başqa çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildiriblər.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində gənc təhsil, mədəniyyət işçiləri və mərkəzin könüllülərinin iştirakı ilə “Gənclərlə əl-ələ” adlı dəyirmi masa keçirilib.

Regional idarənin əməkdaşı Ceyhun İsmayılzadə və digər çıxış edənlər vurğulayıblar ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.

***

Gəncədəki Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsi də bu məqsədə xidmət edir.

Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Mirzəyev 2019-cu ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb.

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.