Dekabrın 7-də Nizami Kino Mərkəzində Meksika kinosu günlərinin açılışı oldu.
Layihə Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi, Azərbaycanın Meksikadakı səfirliyi və “Lider” TV-nin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Kino günlərinin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını zəngin tarixə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etməkdən ibarətdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ayaz Salayev diqqətə çatdırdı ki, Meksika kinematoqrafı böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun populyarlaşmasının əsas səbəbidir. Qeyd etdi ki, Azərbaycan tamaşaçısında Meksika kinosu haqqında məlumat azdır. O, Meksika filmlərinin nümayişinin uğurla keçəcəyinə, bu cür tədbirlərin mədəni əlaqələrin inkişafına yol açacağına əminliyini ifadə etdi.
Sonra çıxış edən Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores əvvəlcə Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına və dövlətinə başsağlığı verdi.
Səfir Bakıda ilk dəfə Meksika kinosu günlərinin keçirildiyini deyərək, göstərdiyi təşəbbüs və dəstəyə görə Azərbaycanın Meksikadakı səfirliyinə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Meksika Kinematoqrafiya İdarəsinə təşəkkürünü bildirdi.
Kino günlərinin əhəmiyyətindən söz açan diplomat belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi rolunun olacağını vurğuladı. Qeyd etdi ki, kino günləri çərçivəsində tamaşaçılara beş bədii film təqdim ediləcək.
Sonra “Səfil həyat” filmi nümayiş olundu.
Qeyd edək ki, dekabrın 11-dək davam edəcək kino günlərinin proqramına “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri daxildir.
Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Hər gün saat 12:00-da təqdim olunan filmlərin nümayişinə giriş sərbəstdir.
Fariz