AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə müxtəlif dillərdə nəşr etdiyi kitablar xarici ölkələrin kitabxanalarına göndərilməsi məqsədilə Azərbaycan Milli Kitabxanasına təqdim olundu.
Bununla bağlı fevralın 7-də keçirilən mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiklərini dedi. Bildirdi ki, hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir: “Biz də onları bir sıra ölkələrin kitabxanalarına çatdırırıq. Son illərdə institutun əməkdaşları tərəfindən Qarabağın, İrəvanın, Naxçıvanın tarixinə, habelə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinə dair elmi əsərlər yazılıb. Bu elm ocağı bu qəbil araşdırmaların xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları əsasında son illərdə institutda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı tarix” və digər kitablar var.
Tədbirdə çıxış edən akademik Nərgiz Axundova vurğuladı ki, bu gün Tarix İnstitutunun nəşrləri dünyanın müxtəlif dillərində oxunur: “Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlığını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Dövlət mükafatına layiq görüb”.
Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli elmi nəşrlərin əhəmiyyətindən, müxtəlif ölkələrdə yayılmasının zəruriliyindən söz açdı.
Sonda Tarix İnstitutunun direktoru Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı təqdim edildi.
NURƏDDİN