Azərbaycan bir il müddətində UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin Bürosunda sədr müavini olacaq.

Bu barədə qərar Hökumətlərarası Komitənin fevralın 11-dən 14-dək Parisdə – UNESCO-nun qərargahında keçirilən 13-cü sessiyasının sonunda qəbul edilib. Sessiyanın son günü gələn il keçiriləcək 14-cü sessiyanın vaxtı müəyyənləşib, həmçinin Büroya üzvlər seçilib. Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini seçilib. Hökumətlərarası Komitənin 14-cü sessiyası 2021-ci il 2-5 fevral tarixində keçiriləcək.

Xatırladaq ki, 13-cü sessiyada ölkəmizi Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.

Sessiyanın son günündə II Vətəndaş Cəmiyyəti Forumunun nəticələri təqdim olunub. Komitənin gələcək fəaliyyəti, 2020-2021-ci illər üçün iş planının layihəsi, mümkün mənbələr, könüllülük məsələləri müzakirə edilib. Həmçinin 2022-2029-cu illər üçün UNESCO-nun orta müddətli strategiyasının gələcək istiqamətləri və 2022-2025-ci illər üçün proqram və büdcə müzakirə olunub.