Məşhur bakılı, Dağıstanın tanınmış bəstəkarı, dirijoru, SSRİ Xalq artisti, Azərbaycanın “Dostluq” ordeninin laureatı Murad Kajlayevin Mahaçqalada xüsusi istedadlı uşaqlar üçün təşkil etdiyi İncəsənət məktəbində balet bölməsinin açılışı olub.
Dərbənd şəhəri Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli bildirib ki, əlamətdar hadisə ilə əlaqədar açılışda fəxri qonaqlar – Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin müavini Hacımurad Kajlayev, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin birinci müavini Həmzət Həmzətov, Həştərxan Dövlət Konservatoriyasının professoru Lyudmila Kruqlova, Dağıstanın Mədəniyyət naziri Zarema Butayeva, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
İncəsənət məktəbinin xoreoqrafiya bölməsinin zalına görkəmli xoreoqraf, rus baletinin peşəkarı Oleq Vinoqradovun adı verilib.
Murad Kajlayev 1931-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.