Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq “Dilim dillər tacıdır” adlı tədbir keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları, şairə Mərcan Şahbuzlu, şair Dilqəm Quliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova, 47, 39 və 178 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin aparıcısı Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verib.
Sonra Azərbaycan dilinin tarixini və bu gün dilimizin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş tədbirləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir zamanı çıxış edən qonaqlar – şairə Mərcan Şahbuzlu, şair Dilqəm Quliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova və MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri R.Novruzova insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında ana dilinin mühüm rolu haqqında danışıblar.
Tədbirdə iştirak edən 39, 47 və 178 saylı tam orta məktəblərin şagirdləri ana dilimizə həsr edilmiş şeirlər söyləyiblər.