Fevralın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna təqdim edilməsi ilə bağlı tədbir keçirildi.
Tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirdi ki, dövlət başçısının təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə bu elm ocağında 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb: “İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən minlərlə arxiv sənədinin surəti gətirilib. Tarix İnstitutu Milli Kitabxana ilə sıx əməkdaşlıq edir. Hər il institutda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir. Kitabxana da öz növbəsində onları dünya kitabxanalarına çatdırır”.
Yaqub Mahmudov onu da bildirdi ki, institutda Qarabağın, İrəvanın, Naxçıvanın tarixi, habelə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımlarının tarixi araşdırılaraq sanballı elmi əsərlər ortaya qoyulub. İnstitut əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını da diqqət mərkəzində saxlayır.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bu gün müxtəlif ölkələrin 70-ə yaxın kitabxanası ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq mübadiləyə əsasən kitabxana il ərzində 1600-dən çox kitab qəbul edir: “Kitabxanamız da Azərbaycanı dünyada təbliğ etmək məqsədilə dünya kitabxanalarına nəşrlər göndərir. Çalışırıq ki, mübadilə zamanı tarix kitablarına daha çox yer ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının kitabxanamıza təqdim edilməsi bu sahədə işlərimizə böyük töhfədir”.
Akademik Nizami Cəfərov çıxışında Tarix İnstitutu ilə Milli Kitabxananın əməkdaşlığını yüksək qiymətləndirdi. Qeyd etdi ki, Tarix İnstitutu Azərbaycan tarixini araşdıran, real tarixi faktları dünyaya çatdıran və gələcək nəsillərə ötürən bir mərkəzdir. Tarix bir kitab və mənbədir. Akademik çıxışının sonunda yeni nəşrlər münasibətilə kitabxananın kollektivini təbrik edərək uğurlar dilədi.
Tədbirdə daha sonra akademik Nərgiz Axundova, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Milli Kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova, institutun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Aypara Rüstəmova, Kamran İsmayılov, Hacı Həsənov və başqaları çıxış etdilər.
Bildirildi ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars və başqa dillərdə oxunur. Azərbaycanın tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlıqlarını üzə çıxararaq ifşa edir. İnstitutun bir qrup əməkdaşı Dövlət mükafatına layiq görülüb.
Çıxışlardan sonra Milli Kitabxana tərəfindən çap olunmuş “Azərbaycan kitabı” çoxcildliyi, “İslam”, “Multikulturalizm”, “Azərbaycanın tarixi abidələri və toponimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Kitabxanası” və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çoxsaylı biblioqrafik nəşrlər Tarix İnstitutuna təqdim edildi.
S.FƏRƏCOV