Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 25-də Masallı rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib. Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda keçirilən görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətlə bağlı müxtəlif məsələlər qaldırılır.

Bunlar insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyur: “Bugünkü qəbulda da belə təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələlər də vardı. Qeyd edilən məsələlərlə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfəsini verir”.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı mədəni irsimizin təbliği, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində əldə olunan razılaşmalara, o cümlədən İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan olunmasına da toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək: “Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq”.

***

Nazir vətəndaşlarla görüşdən sonra Masallı rayonunun bir sıra mədəniyyət müəssisələrinə də baş çəkib.

Əbülfəs Qarayev ilk olaraq Masallı rayon Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, rayon MKS-nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 49 kənd kitabxana filialı fəaliyyət göstərir. Kitabxanalarda oxucuların rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.

Masallı rayon onbirillik İncəsənət məktəbində də nazirə tədris ocağının fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Əbülfəs Qarayev sonra Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Muzey 1963-cü ildə rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlayıb. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş olunub. Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan tədbirlər nəticəsində Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir tələblərə cavab verən yeni bina inşa olunub. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzindəki yeni binaya köçürülüb.

Nazir daha sonra rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, 1984-cü ildə yaradılan qalereyada 97 əsər saxlanılır. Onlardan 46-sı rəngkarlıq, 37-si qrafika, 7-si heykəltəraşlıq, digər 7-si isə tətbiqi sənət nümunəsidir.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.