1992-ci il fevralın 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28-ci ildönümü bu dəfə də respublikamızın hər yerində, eləcə də dünyanın onlarla ölkəsində xatirə mərasimləri ilə qeyd edildi.
Azərbaycan paytaxtının minlərlə sakini anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak edirdilər.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidənin önünə gül dəstələri qoydular.
Xocalı faciəsi iki əsrə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.
Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünyada ictimai fikir Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkədə Xocalı qətliamı soyqırımı kimi tanınıb.
Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
“Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”, – deyən Prezident İlham Əliyevin bu fikrinin təməlində çox güclü ideya dayanır: biz öz tarixi torpaqlarımıza qayıdacağıq!