Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə qonaqlar “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar. Sonra bədii özfəaliyyət kollektivlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhər Mədəniyyət evində keçirilən tədbirdə “Sumqayıt” rəqs qrupu üzvlərinin ifasında “Xocalı rəqsin dili ilə” kompozisiyası (kurs rəhbəri İlyas Məmmədov), bədii qiraət dərnəyi üzvlərinin ifasında (bədii rəhbər Kəmalə Aslanova) səhnəciklər nümayiş olunub.

4 saylı Diyarşünaslıq klubunda, şəhərdəki Fikrət Əmirov adına Musiqi məktəbində, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 5 saylı orta məktəbdə, Nizami Gəncəvi adına kitabxana-klubda, Mərkəzi Uşaq Kitabxanasında  tədbirlər təşkil olunub.

Xızı rayon Mərkəzi Kitabxanasında, Zəngilan rayon klubunda da Xocalı soyqırımı qurbanları anılıb. Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub. Şuşa Dövlət Rəsm Qalereyasında soyqırımına həsr olunmuş sərgi keçirilib.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasından söz açıb. Bildirib ki, regional idarənin tabeliyindəki müəssisələrdə Xocalı soyqırımının ildönümü silsilə tədbirlərlə anılır.

Sonra rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrı kollektivinin ifasında rejissor Seyidməmməd Əliyevin quruluş verdiyi, Xocalı soyqırımına ithaf olan “Laçına məktub” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Tamaşadan sonra faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilib.

***

Şəki şəhər İ.S.Nakam adına Mərkəzi Kitabxanada Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Unutmadıq, unutmarıq!” adlı dəyirmi masa təşkil olunub.

Abonement bölməsinin müdiri Dilbər Yaqubova, Xocalı sakini Səriyyə Talıbova, kitabxananın əməkdaşı Şəfa Mustafayeva, şairə Gülnarə Nəsibova tədbirdə çıxış ediblər. Sonda “Xocalı – susmayan yaddaş” adlı sərgiyə baxış olub.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də anım tədbirləri keçirilib.

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayon Dövlət Rəsm Qalereyasının rəssamlıq dərnəyi üzvlərinin əl işləri sərgilənib.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən “Qisas  gecəsi” adlı tamaşa nümayiş olunub.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Xaçmaz rayon Mərkəzi Kitabxanasında “Xocalım - şəhid yurdum” adlı ədəbi-bədii kompozisiya keçirilib. Şəhər İncəsənət məktəbində şagirdlərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Şabran Xalq teatrı Xaçmazdakı Heydər Əliyev Mərkəzində “Xocalı harayı” tamaşası ilə çıxış edib. Şabran Tarix-Diyarşünaslıq Muzeyində və rayon Mərkəzi Kitabxanasında, Siyəzən rayon Heydər Əliyev Mərkəzində  soyqırımının 28-ci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya və sərgi təşkil edilib.

Quba rayon Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi bütün dünyaya çatdırılır” mövzusunda tədbir keçirilib.

Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində, rayonun musiqi və incəsənət məktəblərində də Xocalı qurbanları yad edilib.

Qusar rayon Heydər Əliyev Mərkəzində “XX əsrin faciəsi” mövzusunda, rayon Mərkəzi Kitabxanasında “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı anım tədbirləri təşkil edilib. Qusar Dövlət Rəsm Qalereyasında Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə tədbir keçirilib.

***

Neftçala rayon Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı anım tədbirində şagirdlər faciəni əks etdirən şeir kompozisiyaları və səhnəciklərlə çıxış ediblər.

Salyan rayon Heydər Əliyev Mərkəzindəki anım tədbirində də şagirdlər şeir kompozisiyaları təqdim ediblər.

***

Gəncə şəhərində Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə - 2”də “Xocalı” abidəsi ziyarət olunub. Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə Regional idarənin rəisi Rza Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva və başqaları çıxış ediblər. Sonda Xocalı soyqırımını özündə əks etdirən film nümayiş olunub.