Bu günlərdə rumın yazıçı-dramaturqu, birpərdəli pyeslər ustası Matey Vişnekin “Zənn et ki, Tanrısan” pyesini oxudum. Qəhrəmanların (pyes 2 nəfərlikdi) dilindən müharibə, ölüm, ümumən insan və onun yaşamaq haqqı barədə ən sadə, adi, ən əsası, heç bir bədii təsvir, söz oyunu olmadan ərsəyə gələn əsər dünyanın bir neçə teatrında özünün səhnə həllini yaşayıb.

Azərbaycan tarixinin qanlı səhifələrinin, xalqımızın məruz qaldığı işğalın, terrorun, soyqırımlarının da bədii sənətdə məxsusi ifadə dili var və biz o vasitə ilə də səsimizi eşitdirməkdən yorulmamalıyıq. Bu baxımdan kütləvi təbliğatın ən təsirli vasitələrindən olan teatr sənətinin mühüm rolu var. Qeyd edilən mövzuda kino tariximizdə də, teatrlarımızın repertuarında da bir sıra səhnə əsərləri var. Amma gəlin, görək, bu nümunələr bəşəri kədərə bələnmiş bu faciənin dünyaya təqdim ediləcək səviyyədə bədii ifadə imkanlarına malikdirmi?

Bu sual qarşısında bir az duruxduğumuzu etiraf etməliyik. Onu da etiraf etməliyik ki, 28 il öncə tar-mar edilmiş Xocalı qarşısında bədii fikir və təxəyyülümüz də dağınıqdır.

Müharibə mövzusunun bədii həlli ilə bağlı yaradıcı şəxslərlə aparılan sorğularda özünəməxsus bəraətləri var və bu, müəyyən mənada başadüşüləndir. Amma bu, bizə heç də gözləmə və ya mövzuya səthi yanaşma haqqı vermir. Çünki bitməmiş müharibə və davam edən təbliğat savaşı var.

Məsələnin psixoloji yanaşma təhlilini apararkən iki məqam xüsusilə diqqət çəkdi. Bunlardan biri fakta bəşəri kontekstdən yanaşma cəhdlərinin zəifliyi, digəri isə bütün yaradıcı məhsulların faktologiyaya hesablanmasıdır. Halbuki Xocalı faciəsi kimi bir mövzuda bədii nümunə yaradarkən daha çox faciənin insan taleyindəki dağıdıcı zərbələrini, onun mənəvi-psixoloji təsvirlərini qabarıq göstərməyə çalışmalıyıq. Artıq o materialla tanış olan uzaq-yaxın dünya insanının fakta varmaq istəməsi və bununla bağlı araşdırma aparması məsələnin ikinci tərəfidir və bununla bağlı internetdə yetəri qədər məlumat var. Digər tərəfdən, biz bu faciəmizə yanaşdıqda, yəni onu bədii kino və ya səhnə nümunəsinə çevirdikdə daxili tamaşaçı auditoriyasına hesablamadan, onu universal bədii dildən ayırmaqla çərçivələməkdən çəkinməliyik. Bununla həm müvafiq meyarları və tələbləri olan, milli məsələlərə dünyəvi dəyərlərlə yanaşma istəyən beynəlxalq festivalların münsiflərinin, dolayısı  ilə böyük auditoriyaların diqqətini çəkə bilərik.

Təbii ki, əksər kinoşünas, teatrşünas və ədəbiyyatşünaslarımızın gəldikləri bu qənaət yeni deyil və xüsusən son illərin dünya sənət mənzərəsini izləyənlər fikri təsdiqləyir. Deməli, biz milli məsələmizi beynəlmiləl, xalq faciəmizi bəşəri yanaşmada göstərməyə məcburuq.

Məsələyə filologiya üzrə elmləri doktoru Elnarə Akimovanın öz yanaşması var. Ədəbiyyatşünas bu məsələdə soyqırımı faktlarının ilk olaraq sənətkarcasına həll olunmasını, insan faciəsinin ön plana keçirilməsini vacib sayır.

Mövzunun poeziyamızda bir neçə irihəcmli poemada, çoxsaylı şeir nümunələrində ehtiva olunduğunu deyən tənqidçi bədii nəsrin, dramaturgiyamızın bu fakt qarşısındakı səthiliyini təəssüflə qeyd edir: “Bizdə bu mövzuda yazılan əksər nümunələr faciəyə bir fərdin ağrıları timsalında baxır. Dünya ədəbiyyatında isə bu, daha çox xalqın, millətin, bəşəriyyətin, mədəniyyətin ağrısı, deqradasiyaya uğraması, silinib itməsi kimi qabarıq təqdim olunur. Burada din, dil, mədəniyyət, yer üzündən silinmə faktı minlərin taleyi, həm də onların arxasındakı epoxanın ağrısını göstərə bilməlidir. Biz bir obrazın timsalında bir xalqın problemini, faciəsinin fonunda insanlığın dramatizmini nümayiş etdirə, məsələyə nüfuz, epik panoramı təqdim edə bilmirik, yaxud da çox zəif alınır. Dilin, dinin, mənəviyyatın süqutu bir toplumun, ictimai-siyasi proseslərin fonunda ötürüldükdə baxımlı, inandırıcı və təsirli olur. Bu mənada düşünürəm ki, biz hər hansı bir mövzuda bu məqamdan yayınırıq. Konkret olaraq Qarabağ, Xocalı mövzusunu da ən təbii, ən gerçəkçi şəkildə məhz bu dərdi yaşamış xalqın nümayəndəsi, ədəbiyyatı duya və hiss etdirə bilər. Amma içdən keçən, hamımızın qəlbində təsirini buraxan bu mövzunu dünyanın panoramına yetəri səviyyədə çıxara bilməmişik”.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı da məsələyə təəssüflə yanaşır. Deyir ki, Xocalı mövzusunda yüksək bədii səviyyəli, təsirli səhnə əsərinin olmamasını zamanla əlaqələndirmək doğru deyil. Çünki 28 ildir bu faciənin qəm-kədərini yaşayırıq və bu zamanda çoxsaylı nümunələr yaratmaq olardı: “Fakt ilə bağlı publisistik yanaşmalar çoxluq təşkil edir və bu da bədii sənəti öldürən məsələdir. Hətta problemin qoyuluşu da fərqlidir. Dramaturgiyamızda bu mövzuda nümunələrin azlığı, olanların da Azərbaycan sərhədlərini aşmamağı əsərlərin ümumi bədii səviyyəsi ilə bağlıdır. Yüksək bədii səviyyəli əsər mütləq öz oxucusunu, tamaşaçısını, dinləyicisini tapacaq”.

Vidadi Qafarlı Azərbaycan teatrında, dramaturgiyasında müharibə, qaçqınlıq, genosid faktlarına səhnə estetikasından adekvat baxa bilmədiyimizi də bildirir: “Xocalı vəhşilik aktı, soyqırımıdır, amma biz onu məhz faktdan öncə bədii təsir gücündə göstərməyə çalışmalıyıq”.

Deməli, istənilən halda sən faciəni, acı həqiqəti, ümumiyyətlə, ağrını hiss etdirmək istəyirsənsə, mütləq şəkildə bəşəri düşüncəli olmalısan.

HƏMİDƏ