Novruz bayramının, baharın müjdəçisi olan çərşənbələrdən ikincisi – Od çərşənbəsi yurdumuza qədəm qoydu. Ötən axşam (3 mart) Od çərşənbəsinin tonqalları qalandı, oyanan təbiətin nəfəsi ətrafa yayıldı.
Od çərşənbəsinə el arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan, ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar.
Çərşənbə tonqalları üzərindən atlayaraq dilə gətirdiyimiz əski inanclı xalq deyimlərimiz (“Ağırlığım, uğurluğum odlara”, “Ağrım-uğrum tökülsün, oda düşüb kül olsun”) isə səhhətimizlə bağlı bəlli əndişə içində olduğumuz bu günlər xüsusilə yerində səslənir.
Od insan üçün sirli, cazibəli varlıqdır. Onun əldə edilməsi insanlar üçün çox böyük tapıntı, yaşam üçün əvəzsiz bir vasitə olub. Türklərin əski dünyagörüşündə odun ayrıca yeri var. Babalarımız oda inamı müqəddəslik səviyyəsinə qaldıraraq mənalandırıblar. Od işıq qaynağı olaraq qaranlığı yarır, insanı aydınlığa çıxarırdı. Bu gün də kainatda yaşam üçün təbii işıq və istiliyin başlıca qaynağı olan günəşin hər gün doğmasını, bizi aydınlığa çıxarmasını, isindirməsini istəmirikmi? Əzəldən insanın oda olan inamı, sevgisi başlıca olaraq qaranlığı qovan, yoxa çıxaran işığa, aydın səmaya olan inamıdır.
İnam və ümidimizi heç vaxt itirməyək. Bahara iki çərşənbə qaldı...