2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndəsi, tənqidçi və mətnşünas alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.
Prezident İlham Əliyev fevralın 28-də görkəmli alimin yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr edib. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görüb. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.