UNESCO siyahısına birgə təqdim olunacaq nominasiyalarla bağlı anlaşma sənədi imzalanıb
Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb. Qeyd edilib ki, “bir millət – iki dövlət” olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığı da yüksək inkişaf mərhələsini yaşayır.
Əbülfəs Qarayev xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir.
Bu sahədə aparılan ən uğurlu işlərin nəticəsi kimi nazir UNESCO-nun müxtəlif siyahılarına birgə təqdim olunan nominasiyaları qeyd edib. Bildirib ki, bu əməkdaşlığın davamı olaraq növbəti illərdə də birgə nominasiya fayllarının hazırlanması nəzərdə tutulur. Nazir bu əməkdaşlığın təkcə UNESCO deyil, TÜRKSOY və İSESCO çərçivəsində də gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Nümayəndə heyəti adından qəbula görə təşəkkürünü bildirən Okan İbiş ölkələrimizin tarixi qardaşlığa dayanan münasibətlərinin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.
Sonda Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzalayıblar.
Qeyd olunub ki, bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə strateji əməkdaşlıq sahəsindəki görüşlərin məntiqi nəticəsi və mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.