Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC-ın mart ayının 1-də 100 yaşı tamam oldu. Xalq Cümhuriyyətinin yadigarı olan agentlik ötən zaman kəsiyində Azərbaycanın yaşadığı siyasi-ideoloji dəyişikliklərlə bərabər, əslində, mürəkkəb tarixi mərhələlərdən keçib. Bununla belə, məhz ona bir əsrlik tariximizin informasiya salnaməsini yazmaq nəsib olub.
Cümhuriyyətin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. 1919-cu il martın 3-də məsələ ilə bağlı Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsi dinlənilmiş və Azərbaycan Teleqraf Acansının (Agentliyinin) təşkili Maarif naziri Nəsib bəy Yusifbəyliyə tapşırıldı. Amma dövrün məlum çətinlikləri, milli hökumətin həll etməyə çalışdığı taleyüklü məsələlər fonunda bu proses bir ilə yaxın uzandı. 1920-ci il fevralın 2-də hökumət AZƏRTAC-ın əsasnaməsini müəyyən dəyişikliklərlə parlamentə çıxarmaq barədə növbəti qərar qəbul etdi.
Martın 1-də AZƏRTAC fəaliyyətə başladı və ertəsi gün onun ilk xəbəri yayıldı. O vaxt respublikada yeganə olan Bakı Sahil Radiostansiyasının (simsiz teleqraf) cəmi üç aparatı vardı: ikisi qəbuledici, biri həm qəbuledici, həm də ötürücü...
Agentlik respublikada baş verən hadisələri, hökumətin gördüyü işləri əks etdirən gündəlik bülletenlər də hazırlayıb həm respublika daxilində, həm də xaricdə yayırdı. Bu, müstəqil dövlətin səmasında qara buludların getdikcə sıxlaşdığı vaxtlar idi. İki ay keçmədi ki, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı və Cümhuriyyət süquta uğradı. Milli Teleqraf Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi. Artıq bünövrə qoyulmuşdu, ilk cığır açılmışdı...
Yeni hökumətin – Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1920-ci il 9 iyun tarixli dekreti ilə Mərkəzi Mətbuat Kollegiyası yaradıldı və Rusiya Teleqraf Agentliyinin Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AZQAFROSTA) kollegiyaya daxil edildi. Bir il sonra AZQAFROSTA müstəqil quruma – Azərbaycan Teleqraf Agentliyinə çevrildi. Agentliyin ilk direktoru Qubad Qasımov xatirələrində yazırdı ki, informasiyanı yaymaq üçün texniki imkanlar da son dərəcə məhdud idi. O vaxt Bakı küçələrində “İşıq” qəzeti peyda oldu. İnsanlar böyük lövhə qarşısına yığışaraq agentliyin xəbərlərini buradan oxuyurdular.
Keçmiş SSRİ dövründə hadisələrin gedişindən asılı olaraq Azərbaycanın milli informasiya agentliyi müxtəlif aqibətlə üzləşirdi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, onun adı yeddi dəfə dəyişmişdi. Hətta bir vaxt üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilmişdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Sovetlər ittifaqına daxil olan bütün respublikaların informasiya agentlikləri kimi, Azərbaycan Teleqraf Agentliyi də Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı statusunda fəaliyyət göstərirdi.
Yetmişillik tarixin ziddiyyətlərinə baxmayaraq, agentlik dövrün salnaməsini yazmaqda davam edir, o qədər də geniş olmayan müxbir şəbəkəsi respublikanın həyatını öz gücü və bacarığı daxilində işıqlandırırdı...
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən təxminən bir il sonra – 1992-ci il dekabrın 18-də AZƏRTAC-ın tarixi adı bərpa olundu.
İnformasiyanın dünya siyasətinə təsirinin artdığı, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkələrin həyatımıza daxil olduğu bir vaxtda beynəlxalq media məkanında yer tutmaq asan deyil. AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan) kimi xəbər yayımçıları var.
İnternetin geniş yayılması media, xüsusən elektron informasiya vasitələri qarşısında hüdudsuz imkanlar açaraq xəbər buraxılışının həcmini və operativliyini də qat-qat artırıb. Agentliyin veb-saytı yaradılanadək gündə 60-70 xəbər buraxa bilirdisə, indi bu göstərici on dəfədən çoxdur. AZƏRTAC hər gün 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır. Agentliyin saytı 8 dildə fəaliyyət göstərir. Eyni zamanda videoların yayımı üçün beş dildə veb-resursu var. Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər studiyası 2010-cu ildə AZƏRTAC-da tətbiq olunmağa başlayıb. Agentlik hazırda beş dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video yayır, xarici ölkələrdə 21 müxbir məntəqəsi var. Ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb. Bu sırada minlərlə mədəniyyət xəbəri də var. Agentliyin altı ildir fəaliyyət göstərən “Uşaq bilik portalı” da böyüməkdə olan nəslin mədəni tərbiyəsinə və maariflənməsinə töhfə verir.
Yüz il qoca tarix üçün böyük bir müddət olmasa da, bir media quruluşu üçün çox böyük və qürur yaşadacaq zaman kəsiyidir.
Xəbərlərindən gen-bol yararlandığımız AZƏRTAC-ın kollektivini qəzetimiz adından yubiley münasibətilə təbrik edir, daha böyük uğurlara və hədəflərə çatmalarını arzulayırıq.