Martın 1-də “Dirili Qurbani” ədəbi məclisinin təşkilatçılığı ilə XX əsrin birinci yarısında yaşayıb-yaratmış Dirili Aşıq Surxayın vəfatının 75 illiyinə həsr edilən xatirə tədbiri keçirilib.
Ədəbi məclisin rəhbəri Yusif Dirili tədbiri açaraq deyib ki, Qarabağın saz-söz mühitində tanınan, sevilən sənətkarlardan biri də Aşıq Surxay olub.
Filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı qeyd edib ki, aşığın həyat və yaradıcılığı uzun müddət tədqiqatdan kənarda qalsa da, son illər sənətkarın ömür yolu və sənəti araşdırılaraq ədəbi ictimaiyyətə təqdim edilib.
Aşıq Surxayın qardaşı oğlu, “Mədəniyyət” qəzetinin əməkdaşı Savalan Fərəcov çıxış edərək el sənətkarının həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən söz açıb.
Bildirib ki, Surxay Bəyalı oğlu Fərəcov 1892-ci ildə Cəbrayıl rayonunun Dirili (indiki Xudayarlı) kəndində dünyaya göz açıb. Əvvəlcə kənddə molla yanında ibtidai, sonra Təbriz şəhərində mədrəsədə təhsil alıb, ərəb, fars dillərini öyrənib. Təhsilini başa vurduqdan sonra mədrəsədə müəllim işləyib. Şəhərdə el şənliklərinə maraq göstərib. Təbriz aşıqları ilə dostluq əlaqələri qurub, bu sənətin sirlərini öyrənib. Sənətdə püxtələşdikcə məclislərə dəvət olunub, məlahətli və yanıqlı səsi, ifası rəğbətlə qarşılanıb. 1920-ci illərin əvvəllərində aşıq Təbrizdən doğma Qarabağa qayıdıb. Sənətkar el şənliklərinin fəal iştirakçısı olub. O, yaradıcılığının coşqun vaxtında, 1945-ci ildə vəfat edib.
Tədbirdə daha sonra çıxış edən şairlərdən İsmayıl İmanzadə, Sabir Şirvanlı, Məmməd Məcidoğlu, Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Elmira Aslanxanlı, Tahirə Məğrur, Ələsgər Talıboğlu, Gülnarə Acarova, Vaqif Nəsiboğlu, Rəşid Vəkil və başqaları aşığın yaradıcılıq yoluna nəzər salıblar. Bildirilib ki, el sənətkarı XVI əsrdə klassik aşıq şeirinin əsasını qoyan Dirili Qurbaninin sənət varisi kimi saz-söz sənəti tariximizdə daim yaşayacaq.