Paytaxtın teatr və konsert müəssisələrinin cari repertuar planında mart ayının xüsusi yeri var. Bu yalnız mart ayında bayram və istirahət günlərinin çox olması ilə bağlı deyil. Təkcə Novruz tətilinin bir həftə davam etdiyi nəzərə alınarsa, bu qeyri-iş günləri incəsənət müəssisələrinə baş çəkmək, vaxtı səmərəli və mənalı keçirmək, bir sözlə, mədəni istirahət üçün əlverişli fürsətdir.
Amma mart ayı təbiətin yenilənməsi, baharın – mədəni irs və milli ruhumuzun bayramı olan Novruzun gəlişi ilə bərabər, həm də incəsənətlə bağlı günlərlə əlamətdardır. Bunlardan ən mühümü 10 mart – Milli Teatr Günüdür. Təsadüfi deyil ki, teatrlarımızın çoxu afişalarında bu tarixə məxsusi yer ayırıblar, Akademik Musiqili Teatr isə həmin gün premyera ilə tamaşaçıların görüşünə gələcək. Şəhərin mədəniyyət müəssisələri 8 Mart – Beynəlxalq Qadınlar Gününü də diqqətdən kənar qoymayıb. Təbii ki, Novruz bayramı günlərinin də teatrlarda, eləcə də konsert salonlarında zəngin proqramı var.
“Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsi ənənəvi olaraq paytaxtın sakinlərini və qonaqlarını bu sənət zənginliyi ilə yaxından tanış edir. Nəşrin yeni çapdan çıxan mart buraxılışı da ayın rəngarəng sənət tədbirlərinə geniş yer ayırıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nəşr olunan “Mədəniyyət+Afişa” Bakı şəhərinin incəsənət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
Nəşrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Yuğ və Pantomima teatrlarının, eləcə də paytaxtda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının mart ayı ərzində göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür.
Bundan əlavə, mart ayında Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində, Dövlət Mahnı Teatrında, Bakı Konqres Mərkəzində, Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyasının zalında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Nizami Kino Mərkəzində yeni filmləri izləmək istəyənlər də nəşrdən yararlana bilərlər.
Teatrların aylıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər və ifaçılar haqqında təqdimat yazıları, anons-informasiyalar verilib.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin yeni sayı fevralın 29-dan etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr də əldə edə bilərlər. Layihənin məqsədi ictimaiyyəti paytaxtın incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin təşkilində onlara informasiya dəstəyi verməkdir.