“Milli mədəni sərvətlərin hifz edilməsində qadınların misilsiz xidmətləri var”
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.
“Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır”, – deyə təbrikdə bildirilir.
Qeyd olunur ki, yeni cəmiyyət quruculuğu şəraitində sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın təzahürüdür, onlar təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanmışlar. Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.
Respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar.
“Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız”, - deyə dövlət başçısının təbrikində vurğulanır.
***
Prezident İlham Əliyev martın 5-də Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadına fəxri adlar verilib. Nazlı Hüseynquliyeva “Əməkdar artist” fəxri adına, İrina Qundorina və Nailə Sultanova “Əməkdar rəssam” fəxri adına, Gülnaz Tağıyeva “Əməkdar mədəniyyət işçisi”, Nüşabə Məmmədova “Əməkdar müəllim”, Aidə Rəşidova “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb.
Prezidentin digər sərəncamı ilə ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və qarşıdan gələn bayram münasibətilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib.