Tovuz rayonunda Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəmzləri Muzeyinin yeni binalarının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 mart tarixində Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarında səfərdə olub. Dövlət başçısı infrastruktur, sosial və mədəniyyət obyektlərinin açılışında iştirak edib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezidenti qarşılayıb.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib, ekspozisiya ilə tanış olub. Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova ekspozisiya barədə məlumat verib.

Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirib.

Qeyd edək ki, Azərbaycan aşıq sənəti irsinin nümayiş olunduğu muzeyin yeni binasının tikintisinə 2013-cü ildə başlanılıb.

Müəyyən fasilədən sonra inşaat işləri davam etdirilib. Prezident İlham Əliyev 2019-cu il martın 6-da Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1984-cü ildə ozan-aşıq sənəti muzeyi kimi fəaliyyətə başlayan mədəniyyət ocağına 1990-cı ildə ustad aşıq Hüseyn Bozalqanlının adı verilib.

Martın 4-də Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışı keçirilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, muzeyin eksponatları ilə tanış olub.

Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Tovuzda Dövlət Rəmzləri Muzeyinin yeni binasının da açılışı olub. Ölkə başçısına burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılıb. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.

***

Prezident İlham Əliyev səfər zamanı “Azərxalça” ASC-nin Goranboy, Qazax, Ağstafa və Tovuz filiallarının fəaliyyəti ilə də tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisələrdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, filial binalarının hər birinin ümumi sahəsi 1200 kvadratmetrdən çoxdur, hər filialda 40-dan çox müxtəlifölçülü dəzgahda Azərbaycan xalçaları toxunacaq. Çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Bununla yanaşı, hər filial üzrə toxunan xalçalarda müvafiq bölgələrə aid orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Filialların hər birində 150 nəfər toxucunun çalışması nəzərdə tutulub. Toxucular yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.