Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfdaş 26 qurumla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Bununla bağlı keçirilən mətbuat konfransında Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 26 qurumla birgə təşkil edilən qrant müsabiqələrinə layihə təklifi qəbulu 2019-cu il noyabrın 20-dən dekabrın 30-dək davam edib. 123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə 541 layihə təqdim olunub. Onlardan 16-sı texniki seleksiyadan keçməyib. 525 layihə ekspertiza və vətəndaş qiymətləndirməsinə təqdim olunub. Layihələr 44 ekspert (26-sı dövlət qurumlarının əməkdaşı, 18-i müstəqil) tərəfindən qiymətləndirilib. Eyni zamanda yanvarın 15-dən fevralın 15-dək Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi – SƏLİS-in e-vətəndaş proqramında qeydiyyatdan keçən 14 mindən çox vətəndaş layihələrə rəy bildirib. Hər bir layihə üzrə verilən ekspert rəyləri və balları, vətəndaş qiymətləndirməsinin balları və Şura katibliyinin arayışı geniş müzakirə olunub.
Şura birgə qrant müsabiqəsi keçirdiyi qurumların təkliflərinin hamısını nəzərə alaraq 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. F.Qurbanov bildirib ki, maliyyələşəcək 423 layihəyə ümumilikdə 2 996 000 manat vəsait ayrılıb.
Mətbuat konfransında iştirak edən dövlət qurumlarının və digər tərəfdaş təşkilatların nümayəndələri məsul olduqları müsabiqənin indiyədək olan bütün mərhələləri, xüsusilə nəticələrin müəyyən edilməsi ilə bağlı tövsiyə xarakterli qərarı Şuranın katibliyi ilə birgə qəbul etdiklərini bildiriblər. Bütün dövlət qurumları ilk dəfə Azərbaycanda SƏLİS vasitəsilə birgə qrant müsabiqəsinin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirərək bunun QHT-hökumət əməkdaşlığına mühüm töhfə olduğunu diqqətə çatdırıblar.
Mətbuat konfransından sonra müsabiqənin nəticələri elan olunub.
Bildirilib ki, müsabiqə qalibi olan QHT-lər Şura ilə qrant müqaviləsi bağladıqdan sonra 26 qurumun hər biri müvafiq layihələrin icra prosesinə nəzarət etməklə yanaşı, onların daha səmərəli şəkildə həyata keçirilməsinə yaxından köməklik göstərəcək.