1967-ci ildən bəri hər ilin baharında klassik musiqi xiridarlarının zövqünü oxşayan Zalsburq Pasxa Festivalı (Avstriya) bu il 28 mart – 13 aprel tarixinə nəzərdə tutulub. Dünya şöhrətli orkestr və ifaçıların qatılacağı budəfəki festival da klassik musiqi ulduzları sarıdan korluq çəkməyəcək. Onların arasında Azərbaycanın Xalq artisti Yusif Eyvazov da var.

Festivalın saytının yazdığına görə, musiqi bayramı günlərində Cüzeppe Verdinin  “Don Karlos” operasında soydaşımız titul partiyanı ifa edəcək.

Görkəmli alman ədibi Fridrix Şillerin eyniadlı dramı əsasında bəstələnmiş dördpərdəli opera Zalsburq festivalının sifarişi ilə Sakson Dövlət Operasında, dünya şöhrətli vokalçıların və  Zalsburq Bax xorunun iştirakı ilə hazırlanıb. Ümumiyyətlə isə, bu tamaşa Sakson Dövlət Operası ilə Drezden Zemper Operasının birgə layihəsidir.

Yusif Eyvazovla yanaşı, tamaşadakı əsas partiyaları İldar Abdrazakov, Franko Vassallo, Karlo Kolombara, Anya Xorteros, Yekaterina Semyonçuk kimi məşhur  vokalçılar ifa edəcəklər.

“Don Karlos” festival günlərində iki dəfə – aprelin 4-də və 13-də göstəriləcək.  

Vokalçımızın şəxsi saytının yaydığı məlumatda isə bildirilir ki, Yusif Eyvazov 23, 26, 29 may və 1 iyun tarixlərində Drezden Zemper Operasında da “Don Karlos” tamaşasında titul partiyanı ifa edəcək. 

G.MİRMƏMMƏD