Fransanın “Radio Courtoisie” radiosunda dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Vatikanla münasibətlərinə dair veriliş yayımlanıb.
Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev verilişdə Heydər Əliyev Fondunun xristian irsinin bərpasına verdiyi töhfələrdən danışıb. O, Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsindən, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian irsi abidələrindən – Müqəddəs Marçellinio və Pietro katakombalarından, Müqəddəs Sebastian sərdabələrindən söz açıb.
Diplomat ötən ay Vatikanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçının təqdim edildiyini də diqqətə çatdırıb. Bildirib ki, Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Səfir Azərbaycan-Vatikan münasibətlərinin tarixinə toxunaraq, bu münasibətlərin dünyəvi müsəlman ölkəsi ilə dünya katolik kilsəsi arasında, katolik dünyası ilə müsəlman dünyası arasında dialoqu, məhsuldar, səmərəli tərəfdaşlığı əks etdirdiyini deyib.
Rəhman Mustafayev Roma Papasının ölkəmizə səfərlərindən Bakıda katolik kilsəsinin tikilməsindən, Vatikanın ölkəmizdəki multikulturalizmi yüksək qiymətləndirməsindən danışaraq Azərbaycanda səmavi dinlərin nümayəndələrinin – xristianların, müsəlmanların və yəhudilərin bərabər, birgə mehriban yaşadığını vurğulayıb.
Verilişdə Vatikanla münasibətlər kontekstində həyata keçiriləcək birgə layihələr və əməkdaşlıqdan da bəhs edilib. Azərbaycanlı tədqiqatçıların Vatikanın konfidensial arxivində ölkəmizlə bağlı tədqiqat işləri, arxivdəki sənədlərin surətlərinin Azərbaycana aparılmasından danışılıb.
Səfir fransız dilində işıq üzü görmüş “Azərbaycan böyük dövlətlər arasında” kitabı haqqında da məlumat verib və dinləyicilərin suallarını cavablandırıb.