Almaniyanın paytaxtında fevralın 11-dən 20-dək davam edən 66-cı Berlinale kinofestivalının baş mükafatını - “Qızıl ayı”nı italiyalı rejissor Canfranko Rosinin “Dənizdə alov” sənədli filmi qazanıb. Avropanı bürüyən qaçqın problemini əks etdirən, miqrantların Lampeduza adasındakı ağır həyatından bəhs edən film kino aləmində böyük əks-səda doğurub.
Film İkinci Dünya müharibəsindən bəri yaşanan ən böyük miqrant axını ilə üzləşən Avropanın problemini bütün reallığı ilə gözlər önünə sərir. Son 20 ildə Afrikadan və Yaxın Şərqdən gələn, Avropaya keçmək istəyən minlərlə miqrantın min bir əziyyətə qatlanaraq İtaliyanın Lampeduza adasına gəlməsi və həyatı “Dənizdə alov”un mövzusudur.
Ekran əsərində yaşananlar 12 yaşlı Lampeduza sakini Samuele Puçillonun və həkim Pietro Bartolonun dilindən ifadə olunur. Filmin rejissoru mükafatı ürəklərini adaya gələnlərə açan Lampeduza sakinlərinə həsr etdiyini deyib. Mükafatı alarkən rejissor təəssüratlarını belə ifadə edib: “İnsanların faciələrdən qaçaraq böyük əzablar bahasına dənizi keçməyə çalışarkən həyatlarını itirmələri qəbuledilməzdir”.
Festivalın münsiflər heyətinə başçılıq edən məşhur amerikalı aktrisa Meril Strip fikirlərini bu sözlərlə bildirib: “Kino aləmində vacib olan elementləri - aktuallığı, zəngin təsəvvürü və zəruriliyi əks etdirən bu film bütün münsifləri heyrətə gətirdi. Bu ekran əsəri bizə bir sənədli filmin necə böyük təsir gücünə malik ola biləcəyini göstərdi”.
Ən yaxşı rejissor, aktyor və aktrisa nominasiyaları üzrə isə müvafiq olaraq fransalı Mia Hansen-Love, tunisli Majd Mastour və danimarkalı Trine Dyrholm festivalın “Gümüş ayı” mükafatına layiq görülüblər.