Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
Müşavirədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkə başçısının siyasi-ideoloji çağırışlarının işığında yaradılmış mərkəzin əhəmiyyətindən danışıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqları və dövlətçilik mənafeyi əks olunur. Azərbaycançılıq məfkurəsinin dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət göstərir.
Akademik Ramiz Mehdiyev azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. Bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. Akademik müstəqil dövlət ideologiyasının araşdırılmasında akademiyanın Humanitar və İctimai elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən bu mövzuda elmi konfransın təşkili, dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilmiş məqalələrin hazırlanıb çap edilməsi, seminarların keçirilməsi qərara alınıb.
Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.