2019-cu il mayın 17-də Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, Dövlət mükafatı laureatı Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamışdı.

Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi də əksini tapmış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli sərəncamı ilə Bakı şəhər 11 nömrəli onbirillik Musiqi məktəbinə  (Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92) Arif Məlikovun adı verilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun (1933-2019) Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ən ali mükafatı olan “Heydər Əliyev” ordeni, həmçinin “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.