Dünyanın əksər ölkələrində yayılmış koronavirus Türkiyədə də qeydə alınıb. Bununla bağlı müvafiq qurumların rəhbərlərinin birgə toplantısı olub.

Ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca qeyd edib ki, xarici ölkədə koronavirusa yoluxan Türkiyə vətəndaşının səhhəti  normaldır və ciddi nəzarət altındadır. “Türkiyə üçün koronavirus riski ciddidir. Nə Avropa, nə də digər ölkələrlə əlaqələri birbaşa kəsmək mümkündür. Amma bu qlobal problemə qarşı mübarizə aparmaq üçün görəcəyimiz tədbirlər az deyil”,  – deyə o bildirib.

Ticarət naziri Rühsar Pekcan isə koronavirusa yoluxma təhlükəsindən qorunmaq üçün istifadə olunan maska, əlcək və sair ləvazimatların, eləcə də ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə tədbirlərinə başlandığını deyib. Nazir bildirib ki, martın 16-dan aprelin sonuna qədər ticarət sahəsində beynəlxalq tədbirlər təxirə salınacaq.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, xaricdən Türkiyəyə gələn turistlərin səfəri təxirə salınıb. Onun sözlərinə görə, turizm müəssisələrində mövsüm açılışı martın 16-dan aprelin 16-na keçirilib.