Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Novruz bayramı ərəfəsində başlatdığı “DOST xonçası” aksiyasına Mədəniyyət Nazirliyi də qoşulub.

“DOST xonçası” bu dəfə paytaxtın Xətai rayonunun sakini, 40 il bağçada müəllimə-tərbiyəçi işləmiş 84 yaşlı Anaxanım Hüseynovanı sevindirib.

Qeyd edək ki, aksiyada məqsəd tənha yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən-nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi də “DOST xonçası” kampaniyasına qoşulub. Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi, mədəniyyət könüllülərinin iştirakı ilə uzun illər N.Gəncəvi adına 5 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmiş, Səməd Vurğun adına orta məktəbin direktoru, rayon Təhsil şöbəsinin müdiri işləmiş Əməkdar müəllim Zibeydə Mirzəyevanın qonağı olub, ona regional idarənin kollektivi adından bayramı təbrikini çatdıraraq  “DOST xonçası”nı təqdim ediblər.

Bu, xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətin bir göstəricisidir.