Xalq artisti Rauf Babayev dünyasını dəyişib

Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də, ömrünün 83-cü ilində vəfat edib.

Görkəmli sənətkarın vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri adından nekroloq yayılıb.

Rauf Babayev 1937-ci il dekabrın 30-da anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlayıb. 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” Dövlət Ansamblının, 1987–2001-ci illərdə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” estrada-simfonik orkestrinin solist-vokalçısı olub.

Nekroloqda vurğulanır ki, “Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. O, əvvəlcə ansamblın, 2003-cü ildən “Qaya”nın “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Mədəniyyət Nazirliyinin “Qaya” Dövlət Ansamblının bədii rəhbəri işləyib. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanıb.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr verib. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilib. O, 1978-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2017-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

“Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”, – deyə nekroloqda bildirilir.

***

“Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Rauf Babayev 2-ci Fəxri xiyabanda dəfn olunub.

Mərasimdə iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, R.Babayev Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri olub və müasir estradanın inkişafını onsuz təsəvvür etmək mümkün deyil. “Çox gözəl musiqi zövqünə malik olan Rauf Babayev öz aranjirovkaları ilə teatr tamaşalarına, filmlərə musiqi tərtibatına da töhfə verirdi. O, eyni zamanda sadə və təvazökar bir insan idi”, - deyə nazir vurğulayıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə qeyd edib ki, Rauf Babayevin vəfat etməsi musiqi mədəniyyətimiz üçün böyük itkidir: “Belə insanlar həyatdan köçəndə biz mədəniyyətimizi daha çox sevməyə başlayırıq”.